SİYASƏT
Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi qeyd edilib
Bakı, 10 noyabr, AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 illiyini və Türkiyənin cümhuriyyətinin 93-cü ildönümünü qeyd ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Nyu-York Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi mərasimdə bu şəhərdə yaşayan azərbaycanlılar, türklər və digər türkdilli xalqların nümayəndələri, iş adamları, ictimai xadimlər iştirak ediblər.
Tədbirdə çıxış edən təşkilatın sədri Zöhrə Şərifi Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verib, ölkəmizin 25 ildə keçdiyi inkişaf yolu, qısa vaxt ərzində bir çox sahələrdə, eləcə də diaspor sahəsində əldə etdiyi uğurlardan danışıb. Zöhrə Şərifi qeyd edib ki, cəmi 25 illik tarixə malik olan Azərbaycan diasporu ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində böyük işlər görüb.
Nyu-York Azərbaycan Amerika Mədəniyyət Mərkəzi Türkiyə Respublikasının müstəqilliyinin 93-cü ildönümünə həsr edilmiş rəsmi mərasimdə də təmsil olunub. Dövlət rəsmilərinin, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Mərkəzin rəhbəri Zöhrə Şərifi də çıxış edib.