SİYASƏT
Nyu-Yorkda Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında müzakirələr aparılıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Əndrü Sxofer (ABŞ) ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.