SİYASƏT


Nyu-Yorkda türkdilli diasporların toplantısı keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC

ABŞ-ın Nyu-York şəhərində Türkdilli diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilib. Proqram Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor qurumlarının təqdimatı olub.

TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alpər Aktaş, Qazaxıstanın Nyu-Yorkdakı baş konsulu Zanibek Abdraşov, Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin sədri Bolotbek İbrahimsanov və digər türkdilli dövlətlərin nümayəndələri çıxış edərək, yürüdülən diaspor siyasəti, bütün dünyada türkdilli diasporların bir araya gətirilməsi və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətindən danışıblar. Hazırda dünyada 20 milyondan çox türkdilli diasporun mövcud olduğu, onların xüsusilə ABŞ kimi böyük lobbiçilik ölkəsində daha iri layihələr həyata keçirmək imkanlarına malik olduqları vurğulanıb.

Toplantıda bu istiqamətdə müxtəlif təkliflər səslənib. TDƏŞ-in zirvə toplantılarının əhəmiyyətindən danışılıb və növbəti toplantının Azərbaycanda keçiriləcəyi bildirilib.

Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ənənəvi keçirilən yay düşərgələrinin və müxtəlif ölkələrdə açılan həftəsonu məktəblərinin əhəmiyyəti xüsusi vurğulanıb. Tədbirdə Dövlət Komitəsinin türkdilli dövlətlərin diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması barədə təklifi böyük maraqla qarşılanıb.

Toplantıdan sonra dahi şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi gecəsi" keçirilib.

Tədbirdə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi və prezidenti Nərgiz Əliyarova, Jefri Verbok, Fəqan Həsənli, Şenika Con Cordan və Ulya Aliqulovanın ifalarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Firəngiz Əlizadənin, Faiq Sücəddinovun, İlahə İsrafilovanın, Sevinc Balabəyovanın, Tamilla Əhədovanın əsərləri, milli muğamlarımız və Nəsiminin şeirləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.