SİYASƏT
“ODLAR YURDU” ALMANİYADA AZƏRBAYCANI TANIDIR
Bu günlərdə cəmiyyətin sədri Cəfər Cəfərzadə və katibi Lalə Bağırzadə Bakıya gəlmiş və Beynəlxalq Sülhsevərlər Birliyində görüş keçirmişlər.
Cəfər Cəfərzadə AZƏRTAC-ın müxbirinə demişdir ki, cəmiyyətimiz iki il fəaliyyət göstərəndən sonra bu ilin yanvarında AFR Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İlk gündən qarşımıza Azərbaycanı tanıtmaq, milli adət-ənənələrimizi təbliğ etmək, haqq işimizi Avropa ictimaiyyətinə çatdırmaq, dövlətimizin sülhsevər xarici siyasətini, xalqın rifahına yönəlmiş daxili siyasətini yaymaq məqsədini qoymuşuq. Həyata keçirdiyimiz tədbirlərin səmərəliliyində bu ilin sentyabrında açılmış “Azərbaycan evi”nin rolu xüsusi qeyd olunmalıdır. Yeri gəlmişkən, açılış mərasimində çoxsaylı soydaşlarımızla yanaşı, bu ölkədəki səfirliyimizin, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, alman dostlarımız da iştirak etmişdilər. “Evimizin” qapısı milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, bütün Azərbaycansevərlərin üzünə açıqdır. Fəallarımız müntəzəm olaraq milli bayramlarımızı və tarixi günlərimizi təntənəli surətdə qeyd edirlər. Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün səyimizi əsirgəmirik. Xocalı soyqırımının ildönümlərində Berlində Ermənistan səfirliynin binası qarşısında etiraz mitinqləri keçiririk. Başqa ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə yaxından əlaqə saxlayırıq. Hollandiyadakı “Azərbaycan”, İspaniyadakı “Azəri” cəmiyyətləri ilə əlaqələrimiz daha sıxdır. Almaniyada Azərbaycan Yəhudilərinin “Dağ yəhudiləri” Cəmiyyəti, “Yəhudi camaatı”, türk və rus icmaları ilə əməkdaşlıq edirik. Beynəlxalq Sülhsevərlər Birliyinin Almaniyadakı nümayəndəliyi ilə səmimi əlaqələr qurmuşuq. Birliyin prezidenti professor Vəli İsmayılovla tez-tez telefon danışıqlarımız olur.
Gələcək planlarımız geniş və əhatəlidir. Alman iş adamlarının iqtisadiyyatımıza sərmayə yönəltməsinə nail olmaq, onlara Azərbaycanda tərəfdaşlar tapmaq istəyirik. İki ölkə arasında turizm əlaqələrini canlandırmaq, Berlində “Azərbaycan irsi” muzeyi, milli rəqs ansamblı yaratmaq niyyətindəyik. Təəssüf ki, ansambl üzvlərinin milli geyimlərlə təminatında çətinliyimiz vardır. Bu barədə yeddi ay əvvəl mədəniyyət nazirimizə müraciət etmişik. Hələlik bir xəbər yoxdur. Yeri gəlmişkən, Almaniyaya qastrol arzusunda olan incəsənət xadimlərini əməkdaşlığa çağırıram. Bizimlə əlaqə saxlamaq üçün Beynəlxalq Sülhsevərlər Birliyinə (tel: 41-45-77) müraciət etmək olar. Hazırda Azərbaycan haqqında bir saatlıq sənədli film çəkilir. Həmin film ölkənin 6 televiziya kanalı ilə nümayiş etdiriləcəkdir. Filmdə məqsədimiz Qarabağ münaqişəsi, Xocalı hadisələri haqqında həqiqətləri alman ictimaiyyətinə çatdırmaqdır.