ELM VƏ TƏHSİL


OĞLANQALA ARXEOLOJİ ABİDƏSİNDƏ TƏDQİQATLAR BAŞA ÇATMIŞDIR

Bakı, 24 avqust (AZƏRTAC) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və ABŞ-ın Pensilvaniya Universiteti əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisindəki Oğlanqala arxeoloji abidəsində birgə tədqiqatları başa çatmışdır.

Ekspedisiyanın əlaqələndiricisi, tarix elmləri namizədi Səfər Aşurov AZƏRTAC–a bildirmişdir ki, Oğlanqala abidəsi Qafqaz və Ön Asiyanın ən iri siklop tikintisi olmaqla yanaşı, istər inşaat xüsusiyyətlərinə və istərsə də maddi mədəniyyət nümunələrinin xarakterinə görə nadir abidədir. Bu il Oğlanqalada tədqiqatlar bir neçə istiqamətdə aparılmışdır. İlk növbədə abidənin Narınqala hissəsində 2008-ci ildən başlanan qazıntılar davam etdirilmiş, nəticədə bu hissədə aşkara çıxarılmış saray qalıqları bərpa olunmuşdur. İkinci qazıntı sahəsi qalanın bürc hissəsində açılmışdır. Bürcün və onun daxilindəki mədəni təbəqələrin xarakteri müəyyən edilmişdir.

Oğlanqalanın bu hissəsində ilk dəfə olaraq son tunc-erkən dəmir dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinə aid keramika nümunələri aşkara çıxarılmışdır. Bu isə qalada məskunlaşmanın tarixinin təxmin edildiyindən daha qədim olduğunu təsdiq etmişdir. İndi qalada məskunlaşmanın eramızdan əvvəl XII-XI əsrlərdən başlandığını söyləmək mümkündür.

Oğlanqalada üçillik tədqiqatlar nəticəsində əldə edilmiş maddi mədəniyyət nümunələrinin çox az qisminin buraya iqtisadi və mədəni əlaqələr nəticəsində gətirildiyi məlum olmuşdur. Abidə ərazisindən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin əksəriyyəti yerli istehsala məxsusdur. Oğlanqala tikintiləri istər Urartu, istərsə də Midiya qalalarının tikinti xüsusiyyətlərindən fərqlənir. Burada aparılan tədqiqatlar bir daha təsdiq edir ki, eramızdan əvvəl birinci minillikdə Şərur düzündə məskunlaşmış insanlar Oğlanqala qala-şəhəri ətrafında sıx birləşmişlər və məhz bu səbəbdən urartulular Naxçıvan ərazisinə keçə bilməmişlər.

Oğlanqalanın üst təbədəqələrindən əldə edilmiş maddi mədəniyyət nümunələri isə Azərbaycanın qədim dövlətlərindən olan Atropatenanın tarixi ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.