İQTİSADİYYAT
OKTYABR AYINDA İSTEHLAK BAZARINDA QİYMƏTLƏR DƏYİŞMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, bu ilin oktyabr ayında istehlak mallarının qiymətləri sentyabr ayına nisbətən 1,0 faiz artmışdır. Ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri isə 0,4 faiz bahalaşsa da xidmət tarifləri dəyişməmişdir.
Ay ərzində istehlak bazarında un 5,4 faiz, təzə balıq 13,9 faiz, yumurta 18,0 faiz, kartof 2,6 faiz, qənd 0,2 faiz bahalaşmışdır. Payız fəslinin gəlməsi ilə əlaqədar meyvə və tərəvəz məhsullarının qiymətləri də dəyişmişdir. Belə ki, oktyabrda nar 44,3, heyva 36,4, balqabaq 26,0 faiz ucuzlaşmış, baş soğan 3,8, üzüm 24,6, qarpız və yemiş 18,0, təzə xiyar 34,5, təzə pomidor 20,4, badımcan 28,5 faiz bahalaşmışdır.
Soyuqlar düşdüyünə görə, isti paltara tələbat artmış, ötən ay kişi kostyumu 2,2, kişi şalvarı 5,0, qadın sviteri 9,6, uşaq sviteri isə 5,1 faiz bahalaşmışdır.