İDMAN
OLİMPİYA QAÇIŞ GÜNÜNDƏ 2500-DƏN ÇOX İDMANÇI İŞTİRAK ETMİŞDİR
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi ilə keçirilən növbəti Olimpiya qaçış günündə Bakı və Sumqayıtın müxtəlif təşkilatlarının, ali təhsil məktəblərinin, idman federasiyalarının, uşaq və gənclər idman məktəblərinin 60-a yaxın komandasından 2500-dən çox idmançı iştirak etmişdir. Bütün dünyada 18 il, ölkəmizdə isə Milli Olimpiya Komitəsinin dəstəyi ilə səkkizinci dəfə keçirilən bu qaçışda iştirak edən qadınların sayı xeyli artmışdır: bu dəfə onların sayı 400 nəfərdən çox idi. Qaçış Azadlıq prospektindən başlayıb, Milli parkın ərazisi boyunca davam etmişdir.
Tədbirdə BOK prezidenti Jak Roqqenin və Azərbaycan Prezidenti İlham Əliyevin qaçış iştirakçılarına müraciəti oxunmuşdur.
Artıq 5 ildir ki, “Koka-Kola” şikəti bu tədbirə sponsorluq edır. Bu il Amerikanın “MakDonalds” şirkəti də ona qoşulmuşdur.
Kişilər arasında Nəriman Məmmədov (10 km), Fikrət Qafarov (4 km), Vüsal Əzizov (2 km), qadınlar arasında isə Yuliya Bekova (4 km), Mahirə İsmayılova (2 km) qalib gəlmişlər. Ahıllar arasında 75 yaşlı Böyükağa Qasımov, Taisiya Nalivayka, azyaşlılar arasında isə 6 yaşlı Bürhan Əliyev və Gülzadə Şıxəliyeva fərqlənmişlər.
Qaliblərə sponsorlar tərəfindən mükafatlar təqdim olunmuşdur.