REGİONLAR
ÖLKƏDƏ MEYVƏ İSTEHSALINI ARTIRMAQ ÜÇÜN İMKAN ÇOXDUR
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsulları istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin bölmə müdiri Elbrus Xəlilov AZƏRTAC-a bildirmişdir ki, qarın meyvəçiliyə də xeyri vardır. O, meyvə ağaclarının inkişafına yaxşı imkan yaradır, zərərvericiləri məhv edir, torpaqda havalanma prosesini yaxşılaşdırır, nəmlənməni, münbitliyi artırır. Qar ağacları həm də şaxtadan qoruyur.
Respublikamızda 108,5 min hektar meyvə bağı vardır. Onların 85 min hektarı bar verəndir. 2007- ci ildə 1000 hektara yaxın yeni bağ salınmışdır. Ötən il dekabrın 1-nə olan məlumata görə, 667 min ton meyvə istehsal olunmuşdur. Fermerlər payızda meyvə bağlarında becərmə aparmışlar. Yazqabağı isə cərgələrin arası becəriləcəkdir.
İstehsal edilmiş meyvənin taleyi ilə bağlı məlumat verən bölmə müdiri demişdir ki, ölkəmizin emal müəssisələrində müxtəlif meyvə şirələri istehsal olunur. Ötən il yığılan məhsulun təxminən 40-50 faizi emal olunmuş, bir hissəsi daxili bazara çıxarılmış, Türkiyə, Rusiya, Ukrayna, Belarusa ixrac edilmişdir.
Ölkəmizdə meyvə istehsalını artırmaq üçün imkanlar çoxdur.