SİYASƏT
ÖLKƏLƏRİN ƏKSƏRİYYƏTİ İRAQDA TƏFTİŞLƏRİN DAVAM ETDİRİLMƏSİNƏ TƏRƏFDARDIR
İTAR-TASS agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərdə deyilir ki, BMT Təhlükəsizlik Şurasında başlanmış müzakirələrin iştirakçılarının böyük əksəriyyəti İraqa qarşı gözlənilən hərbi əməliyyatların əleyhinə çıxmış və bu ölkədə beynəlxalq təftişlərin davam etdirilməsinə tərəfdar olduqlarını bildirmişdir.
Bloklara Qoşulmamaq Hərəkatının əlaqələndirmə bürosunun sədri Dumisani Kumalo (CAR) bəyan etmişdir: “Bütün digər variantlardan axıradək istifadə olunmadığı halda müharibəyə əl atmaq BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına yönəldilmiş mandatını həyata keçirmək səylərinin boşa çıxdığını etiraf etmək deməkdir”.
Bununla belə, Pentaqon Fars körfəzi regionuna əlavə 22 min hərbi qulluqçu göndərir. Hazırda regionda ABŞ-ın təxminən 150 min hərbçisi cəmləşdirilmişdir.