SİYASƏT
ÖLKƏMİZDƏ ƏN ETİBARLI KOMPÜTERLƏRİ AZƏRBAYCAN ELEKTRONİKASI (AZEL) ŞİRKƏTİNDƏN ALMAQ OLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, AZEL-in prezidenti İqor Yakovenko mətbuat konfransını açaraq Azərbaycanda özəl bölmənin inkişafına göstərilən dövlət qayğısından, kompüter texnologiyasının inkişaf etdirilməsində, “Toşiba Europe GmbH” şirkəti ilə əməkdaşlığın əhəmiyyətindən, indiyədək gördükləri işlərdən və perspektiv planlardan danışmışdır. O, xüsusi qeyd etmişdir ki, Azərbaycanda iqtisadiyyatın digər sahələrində olduğu kimi, kompüter texnologiyasının inkişafı da ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizdə yaradılan və Prezident İlham Əliyev tərəfindən etibarlı surətdə qorunan ictimai-siyasi sabitliklə əlaqədardır. Ölkəmizin iqtisadi inkişafı ilə bağlı Prezident Fərmanından irəli gələn vəzifələrdən danışan natiq demişdir ki, onun rəhbərlik etdiyi şirkət də bu barədə tədbirlər proqramı hazırlamışdır.
O, cıxışında AZEL-in Qafqazda təyinatı üzrə ən böyuk şirkətlərdən biri olduğunu vurğulamış və “Toşiba” noutbuklarının satışına 1998-ci ildən başladıqlarını, 2002-ci ildə isə həmin markadan kompüterləri Azərbaycanla bərabər, Gürcüstan ,Türkmənistan, Özbəkistan və Qırğızıstanda da satmaq hüququna sahib olduqlarını, istehlak bazarını genişləndirmək üçün bir sıra tədbirlər həyata keçirməyi planlaşdırdıqlarını demişdir.
“Toşiba Europe GmbH” şirkətinin Moskva ofisinin fərdi kompüterlər departamentinin baş meneceri İqor Snıtko şirkətin dünya, xüsusilə də Avropa və MDB bazarlarındakı mövqeyi haqda ətraflı məlumat vermişdir. Natiq kompüter texnikası bazarına qeyri-qanuni yolla xeyli texnika çıxarıldığını bildirmişdir.
Qeyri-rəsmi kanallarla bazara çıxarılan noutbuklara bir ildən çox zəmanət verilmədiyini və bunların təmiri zamanı ehtiyat hissələrinin çatdırılma xərclərinin və gömrük rüsumlarının müştəridən alındığını deyən natiq, rəsmi kanallarla istehlakçıya çatdırılan kompüterlərin üstünlüklərini sadalamışdır: buraya 1-3 illik zəmanət müddətinin, təmənnasız servis xidmətinin, rus dilində istifadə qaydaları olan kitabçanın, rus klaviaturasının, proqram təminatının və digər mühüm göstəricilərin daxil olduğunu vurğulamışdır.
Natiq çıxışının sonunda bir daha əminliklə bildirmişdir ki, AZEL Azərbaycanı və fəaliyyət göstərdiyi digər ölkələri keyfiyyətinə, etibarlılığına zəmanət verilən ən yaxşı kompüterlərlə təmin edən şirkətdir.
Axırda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.