SİYASƏT
ÖLKƏMİZDƏ NEFT MAŞINQAYIRMASI SƏNAYESİNİN İNKİŞAFI HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Mayın 7-də “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətində bu quruma daxil olan 18 törəmə səhmdar cəmiyyəti nümayəndələrinin Azərbaycan Prezidenti Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr edilmiş təntənəli yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan ASC idarə heyətinin sədri Əli Qaraxanov ötən dövrdə Heydər Əliyevin respublikada maşınqayırma sənayesinin, o cümlədən ölkədə neft maşınqayırmasının inkişafı sahəsindəki misilsiz xidmətlərindən danışmışdır. O xatırlatmışdır ki, vaxtilə respublika neft maşınqayırması sənayesinin məhsulları nəinki İttifaqın bütün neftçıxarma regionlarına, həm də dünyanın bir çox ölkəsinə göndərilirdi.
“Səttarxan adına zavod” törəmə səhmdar cəmiyyəti idarə heyətinin sədri Mustafa Həsənov, AzinMAŞ elmi tədqiqat institutunun şöbə müdiri Xalid Qəhrəmanov, “Bakı fəhləsi” zavodunun qaynaqçısı Məhərrəm Əbdüləliyev və başqaları çıxışlarında dünya şöhrətli Prezidentimizin sadə zəhmət adamlarına səmimi münasibətindən, hər sahəyə, o cümlədən maşınqayırma sənayesinə dərindən bələd olmasından söhbət açmışlar. M.Əbdüləliyev dövlətimizin başçısı ilə səmimi görüşlərini də xatırlamış, bunların ömrünün ən unudulmaz anları olduğunu vurğulamışdır.
Yığıncaq iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etmişlər.
Müraciətdə deyilir:
- Əziz və hörmətli Heydər Əlirza oğlu!
Biz, Azərbaycan neft maşınqayırması sənayesinin işçiləri, Sizi - müstəqil dövlətimizin memarı və yaradıcısını, dünya şöhrətli siyasi xadimi və müdrik ziyalını 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və tükənməz həyat eşqi arzulayırıq.
Azərbaycan Respublikasının iqtisadiyyatında aparıcı sahələrdən olan neft maşınqayırması sənayesi özünəməxsus tarixi inkişaf yolu keçmiş, ölkənin sosial-iqtisadi tərəqqisinə, milli mənlik şüurunun formalaşmasına güclü təkan vermişdir.
Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, neft maşınqayırması kompleksinin yaranması, dirçəlişi və böyük sürətlə inkişafı da məhz Sizin respublikamıza rəhbərlik etdiyiniz illərdən başlayır. Fəaliyyətinizin elə ilk günlərindən bu sahə ilə bağlı Sizin rəhbərliyiniz altında görülən tədbirlər çox qısa müddətdən sonra öz nəticələrini vermişdir.
Artıq 1970-ci ildə neft maşınqayırması zavodlarında o dövr üçün müasir dəzgahların quraşdırılması sürətləndi. Bu da öz növbəsində, əmək məhsuldarlığının kəskin surətdə yüksəlməsinə səbəb oldu. Həmin dövrdə neft-mədən avadanlığının kütləvi surətdə yeni növləri yaranmağa başladı.
O zaman keçmiş SSRİ-nin bütün neft regionlarındakı, xüsusilə Qərbi Sibirdə kəşf olunmuş neft yataqlarında, Azərbaycanda yaradılan və istehsal olunan neft-mədən avadanlığından istifadə edilirdi. Sovetlər Birliyində istehsal edilən bu məhsulların 70 faizə qədəri məhz bizim zavodlarda buraxılırdı.
Yaradılmış yeni növ avadanlıq və onların verdikləri iqtisadi səmərə, sözsüz ki, Azərbaycanı inkişaf etmiş sənaye respublikası kimi tanıtdı. Artıq bu sahədə Azərbaycanın elmi və iqtisadi potensialının nəyə qadir olduğu heç kimdə şübhə doğurmurdu.
Biz, Azərbaycan neft maşınqayırması sənayesinin işçiləri, 30 il bundan öncə sənayemizin görünməmiş sıçrayışını Sizə olan dərin minnətdarlıq hissi ilə xatırlayaraq, bir daha əmin oluruq ki, məhz Sizin rəhbərliyiniz altında bu kompleksin əvvəlki şöhrətini özünə qaytara biləcəyik.
Son illər bu sahədə Sizin rəhbərliyiniz və qayğınızla aparılan islahatlar, eləcə də görülən tədbirlər buna əyani sübutdur.
Ölkəmizdə aparılan iqtisadi islahatlara uyğun olaraq, “Azneftkimyamaş” Dövlət Şirkəti Sizin sərəncamınızla açıq səhmdar cəmiyyətinə çevrilmiş, 14 sənaye müəssisəsi və 4 elmi tədqiqat və layihə-konstruktor qurumları törəmə səhmdar cəmiyyətləri kimi onun tərkibinə daxil edilmişdir. Əlavə edək ki, hüquqi baxımdan bu cür forma bütövlükdə iqtisadi islahatların, o cümlədən bazar iqtisadiyyatının tələblərinə cavab verir.
Sizin tapşırığınız əsasında ötən il ölkəmizdə maşınqayırma kompleksinin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilmişdir və hazırda onun icrası istiqamətində konkret işlər görülür. “Sənaye” proqramına əsasən bütün müəssisələr öz vebsaytını açmış və kompüter əlaqələri yaratmışdır.
Artıq bir neçə ildir ki, “Bakmaşzavod” törəmə səhmdar cəmiyyətində qazma boruları üçün APİ standartlı rəqabət qabiliyyətli qıfılların buraxılmasına başlanmışdır.
Hazırda Yaponiya hökumətinin maliyyə yardımı ilə ASC-nin 4 müəssisəsi və 2 elmi tədqiqat institutunda beynəlxalq standarta cavab verən idarəetmə sisteminin yaradılması və rəqabət qabiliyyətli avadanlığın istehsalının təşkili proqramı üzrə işlər aparılır. Proqramın əsas məqsədi kadrların beynəlxalq standartların tələblərini öyrənməsindən ibarətdir. Bu proqram da Sizin Yaponiyaya səfəriniz zamanı yüksək səviyyədə apardığınız danışıqlardan sonra reallaşmışdır.
Müstəqil Azərbaycanın tərəqqiyə doğru inamla irəliləməsi, xalqımızın rifahının durmadan artması naminə yorulmadan çalışan böyük şəxsiyyət kimi Sizin əməyinizi yüksək qiymətləndirir, nicat yolunu Sizdə görürük. Məhz buna görə də tam əminliklə deyə bilərik ki, 2003-cü ildə keçiriləcək prezident seçkilərində Sizin namizədliyiniz bütün neft maşınqayırması sənayesi işçiləri tərəfindən dəstəklənəcək və müdafiə olunacaqdır.
Möhtərəm Prezident!
Sizi 80 illik yubileyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanımızın və xalqımızın xoşbəxt gələcəyi, dövlətçiliyimizin daha da inkişaf etdirilməsi, işğal olunmuş torpaqlarımızın qaytarılması yolunda apardığınız bütün işlərdə yeni-yeni nailiyyətlər arzulayırıq.