SİYASƏT


ÖLKƏMİZİN KANADANIN BRİTİŞ COLUMBİA ƏYALƏTİ İLƏ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MÜZAKİRƏ EDİLMİŞDİR

Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Kanadadakı səfiri Fəxrəddin Qurbanov ölkənin inkişaf etmiş əyalətlərindən biri sayılan Britiş Columbia ilə əlaqələrin qurulması, orada fəaliyyət göstərən şirkətlərin respublikamıza sərmayə qoymalarına təşviq edilməsi və digər sahələrdə ikitərəfli münasibətlərin yaradılması məqsədi ilə bölgənin Viktoriya və Vankuver şəhərlərinə səfər etmişdir.

Səfər müddətində F.Qurbanov əyalətin hökumətlərarası münasibətlər naziri Con van Donqen, iqtisadi inkişaf nazirinin müavini Soren Harbel, enerji, dağ-mədən və neft nazirinin müavini David Molinski ilə görüşmüş, əyalətlə Azərbaycan arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparmışdır. Səfir münasibətlərin daha da dərinləşməsi üçün ölkəmizdə Kanada səfirliyinin açılmasına ehtiyac olduğunu bildirmişdir.

“Main Development Ltd”, “Zarcan İnternational Resources İnc” və digər şirkətlərin rəhbərləri ilə keçirilən görüşlərdə F.Qurbanov Azərbaycanın iqtisadi göstəriciləri, əldə edilmiş nailiyyətləri, sərmayə mühiti və digər məsələlər barədə ətraflı məlumat vermiş, onları ölkəmizə sərmayə qoymağa dəvət etmişdir.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin təklifi ilə “Clean Energy Combustion Systems İnc” şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə ölkəmizdə tullantıların emalı ilə əlqədar məsələ müzakirə edilmişdir.

Kanadanın tədqiqatlar və təhsil sahəsində ikinci ən böyük universiteti olan Columbia Universitetinin vitse-prezidenti Kennet MakGilivrey ilə görüşdə Azərbaycan ilə Kanada arasında təhsil və elm sahəsində əlaqələrin yaradılmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanmışdır.

F.Qurbanov səfər çərçivəsində Riçmond şəhərində Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşdür. “Odlar yurdu” radiosunun rəhbəri Əlirza Miyanalı Vankuver bölgəsində 1000-dən çox azərbaycanlının yaşadığını və burada Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəaliyyət göstərdiyini bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.