İQTİSADİYYAT
ÖLKƏYƏ QANUNSUZ YOLLARLA GƏTİRİLMİŞ MƏHSULLAR YANDIRILMIŞDIR
Dekabrın 23-də Sumqayıt yaxınlığında, xüsusi ayrılmış ərazidə ayrı-ayrı vaxtlarda gömrük orqanları tərəfindən tutulmuş 545 milyon 475 min manat dəyərində 21 min 819 blok partlayıcı pirotexniki məmulat, 91 milyon 314 min manat dəyərində 78 290 qutu xarici siqaretlər, xeyli miqdarda kürü, kürü qabları, kataloqlar yandırılmaqla məhv edilmişdir. Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Xaçmaz, Astara və Biləsuvar gömrükxanalarının əməkdaşları tərəfindən tutulan həmin mallar müvafiq məhkəmə qərarları ilə müsadirə edilmişdir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, respublika Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Elmi Tədqiqat və Eskpertiza Mərkəzinin verdiyi rəyə əsasən yuxarıda qeyd olunan partlayıcı pirotexniki məmulat DÜST 19433 təsnifatına görə 1-ci sinif yanğın təhlükəli mallar qrupuna aid olan, “xaotik hərəkətli”, yəni istiqamətlərinin nəzarət altında saxlanılması mümkün olmayan, qığılcım və alovla müşayiət olunan məhsuldur. Bu növ məmulat müvafiq olaraq partlayış və yanğın təhlükəli amilləri özündə cəmləşdirir. Odur ki, həmin məhsulun Azərbaycan ərazisində topdan və pərakəndə satışının qadağan olunması qanuna müvafiq hesab edilmişdir.
96 ədəd 113 qramlıq şüşə qablarda çəkisi 10 kiloqram 848 qram olan süni qara kürüyə Ədliyyə Nazirliyi Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu tərəfindən verilmiş ekspert arayışında bu məhsulun fiziki və mikrobioloji göstəricilərinə görə yeyinti üçün yararsız hesab edildiyi göstərilmişdir.
Eyni zamanda, Ədliyyə Nazirliyi Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistka və Kriminologiya Problemləri İnstitutu tərəfindən verilmiş ekspert arayışına əsasən 113 qramlıq 4950 ədəd kürü qabı üçün qapaqlar və 500 qramlıq 3050 ədəd dəmir kürü qabları respublikanın istehsal müəssisələri üçün təyinatı üzrə istifadəyə yararsız hesab edilmişdir.
Dövlət xeyrinə maldan imtina rejimində rəsmiləşdirilmiş 207,76 kiloqram kataloqlar Ədliyyə Nazirliyi Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu tərəfindən verilmiş ekspert arayışına əsasən konkret təyinatyönümlü olmadığına görə əmtəə kimi yararsız hesab edilmişdir.
Ümumi miqdarı 78.290 qutu təşkil edən 91.314.000 manat dəyərində Rusiya və Ukraynanın istehsalı olan və həmin ölkələrin aksiz markaları ilə markalanmış “LD” əmtəə nişanlı (“Novost”, “Troyka”) və Koreya mənşəli “Pine” əmtəə nişanlı tütün məmulatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya Karantin Müfəttişliyinin 5 oktyabr 2001-ci il tarixli 4 saylı və 9 oktyabr 2002-ci il tarixli 3 saylı qərarlarına əsasən tərkibində radioloji, toksikoloji maddələrin, fosfamidlərin yüksək olması ilə əlaqədar respublika ərazisinə gətirilməsi və satışı qadağan edilmişdir.
Beləliklə, müsadirə olunan mallar “Azərterminalkompleks” TH XİB-də fəaliyyət göstərən Məhvetmə komissiyasının, DGK-nın və KİV nümayəndələrinin iştirakı ilə məhv edilmişdir.