İDMAN
ÖLKƏ FUTBOL KUBOKUNUN DÖRDDƏBİR VƏ YARIMFİNAL MƏRHƏLƏSİNİN İLK OYUNLARI OLMUŞDUR
“Şəfa” stadionunda dörddəbir final mərhələsi çərçivəsində “Xəzər-Lənkəran” və “MKT-Araz” komandaları görüşmüşlər.
Xatırladaq ki, bu komandalar dörddəbir final mərhələsində artıq qarşılaşmış və iki oyunun nəticəsinə əsasən, “MKT-Araz” yarımfinala vəsiqə qazanmışdı.
Lakin, Lənkəran klubunun “MKT–Araz”-ın heyətində aşkar etdiyi pozuntulara dair etiraz ərizəsindən sonra, AFFA-nın Nizam-İntizam Komitəsi bu komandalar arasında görüşlərin nəticəsini ləğv edərək, oyunların yenidən və neytral meydanda keçirilməsi barədə qərar çıxarmışdı.
Beləliklə, aprelin 25-də keçirilmiş ilk oyunda “Xəzər-Lənkəran” 1:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə çıxmaq üçün yaxşı imkan əldə etmişdir. Cavab görüşü isə aprelin 28-də olacaqdır.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş yarımfinal oyununda isə “Neftçi və “Qarabağ” komandaları qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitinə keçən oyunda hesab açılmamışdır-0:0. Bu komandalar arasında cavab görüşü mayın 3-də keçiriləcəkdir.