İDMAN
ÖLKƏ VOLEYBOL ÇEMPİONATI QALİBLƏRİNİN MÜKAFATLANDIRILMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Tanınmış voleybol mütəxəssislərinin iştirak etdiyi tədbirdə Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov son illər ölkəmizdə voleybolun çox böyük inkişafından danışmış, buna misal olaraq, qadınlardan ibarət “Azərreyl” klubunun və yığmamızın beynəlxalq arenalarda qazandığı uğurları diqqətə çarpdırmışdır. Bu yaxınlarda Beynəlxalq Voleybol Federasiyasından (FİVB) daxil olmuş faksda isə ölkəmizin yığma komandasının dünya reytinq cədvəlində 26-cı yerdən 18-ci sıraya yüksəldiyi qeyd olunmuşdur.
Sonra mart ayında başa çatmış ölkə çempionatı qaliblərinin mükafatlandırılması mərasiminə başlanmışdır. Qadınlar arasında ilk üç yeri tutmuş “Azərreyl-1” “Rabitə” və “Gənclik” komandalarına layiq olduqları medallar verilmişdir.
Kişi voleybol komandaları arasında isə qızıl medallar sonuncu ölkə çempionu “Metro” klubuna təqdim edilmişdir. “Azərneft” və “Rabitə” komandaları isə, müvafiq olaraq, gümüş və bürünc medallarla təltif olunmuşlar.
Federasiyanın təşkil etdiyi yarışların katibi Nona İsmayılova qurumun ən fəal üzvü kimi, Sergey Titovets isə ilin ən yaxşı hakimi qismində xüsusi mükafatlara layiq görülmüşlər. Mərasim konsert proqramı ilə davam etmişdir.