MƏDƏNİYYƏT


“ÖLMƏZLİYƏ ABİDƏ” KİTABININ TƏQDİMATI OLMUŞDUR

Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 12-də Azərbaycan Dövlət Muğam Teatrında şəhid Nazim Cəbrayılovun qəhrəmanlıqla dolu həyat və döyüş yolundan bəhs edən “Ölməzliyə abidə” kitabının təqdimatı keçirilmişdir.

Tədbirdə akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, teatrın direktoru Arif Qazıyev, Əməkdar artist Ağalar Bayramov və başqaları çıxış edərək yeni kitabın əsas məziyyətlərindən danışmışlar. Bildirmişlər ki, Vətənin ağır günlərində təcavüzkar erməni quldurlarına qan udduran Nazim Cəbrayılovun igidliyindən bəhs edən bu kitabda qəhrəmanın şərəfli döyüş yolundan geniş söz açılır.

Qeyd edilmişdir ki, 60 il əvvəl Ağdamda dünyaya göz açan Nazim Cəbrayılov 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü başladığı andan Vətənin ilk müdafiəçilərindən biri kimi daim ön cəbhədə olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edən baş leytenant N.Cəbrayılov Müdafiə Nazirliyinin əmri ilə tağım komandiri təyin olunmuşdur. Göstərdiyi böyük hünər və şücaətə görə 1994-cü il aprelin 13-də Nazim Cəbrayılov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilmişdir. Təəssüflər olsun ki, bu rütbəni daşımaq ona nəsib olmamışdır. Həmin il aprelin 18-i igid komandir və onun əsgərləri üçün axırıncı döyüş olmuşdur.

Erməni millətçilərinə qan uddurduğuna görə düşmən Nazim Cəbrayılovun cənazəsini ailəsinə verməmişdir. Mərasim iştirakçıları demişlər ki, bu gün onun məzarı millətini, xalqını sevənlərin qəlbində və Vətən torpağının hər qarışındadır.

Vurğulanmışdır ki, ulu öndərimiz Heydər Əliyevin müvafiq Sərəncamı ilə müstəqilliyimizin və ərazi bütövlüyümüzün müdafiəsində xüsusi xidmətlərinə, şəxsi şücaət və qəhrəmanlığına görə Nazim Cəbrayılov “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.

Diqqətə çatdırılmışdır ki, üç övlad atası olan N.Cəbrayılovdan bəhs edən bu kitab əslində bütün ölməz şəhidlərimizə ünvanlanmışdır. Belə tədbirlər igid oğullarımızın gənclər tərəfindən tanınmasına böyük dəstəkdir.

Kitabın müəllifi, şəhid Nazim Cəbrayılovun ömür-gün yoldaşı Rəhilə Orxan (Cəbrayılova) tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir. Demişdir ki, bu kitab heç nəyin Vətəndən uca olmadığını öz canı, qanı ilə təsdiq edərək düşmən qarşısında cəsarət simvolu kimi dayanmış və adını tariximizə qanı ilə yazmış bir azərbaycanlının qəhrəmanlıq dastanıdır. Kitaba Nazim Cəbrayılovu tanıyanların və onun döyüş yolunu izləyən insanların xatirələri toplanmış, şəhidin igidliyindən bəhs edən tədbirlərdən bir sıra məqamlar daxil edilmişdir.

Tədbirdə incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.