MƏDƏNİYYƏT
“ÖLÜLƏR” YENİ QURULUŞDA
Böyük Azərbaycan ədibi və dramaturqu Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi Dövlət Akademik Milli Dram Teatrında yeni quruluşda səhnəyə qoyulacaqdır.
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, artıq gərgin məşqlər başlanmışdır. Şeyx Nəsrullahı xalq artisti Əlabbas Qədirov (dublyoru əməkdar artist Rəfael Dadaşov), kefli İsgəndəri əməkdar artist Sabir Məmmədov, Şeyx Əhmədi əməkdar artist Cəfər Əhmədov, Hacı Həsən ağanı xalq artisti Yaşar Nuri (dublyoru xalq artisti Hacı İsmayılov) oynayacaqlar. Bu, Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsinə “Ölülər”in 3-cu quruluşda qayıdışıdır. Əsər ilk dəfə 1916-ci ildə Hüseynqulu Sarabskinin, 1966-cı ildə isə Tofiq Kazımovun quruluşunda səhnəyə qoyulmuşdur.
Pyesin 3-cü səhnə təcəssümünün quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı Nazim Bəykişiyevdir.
Tamaşanın premyerası martın axırlarına nəzərdə tutulub.