OMBUDSMAN ALMANİYANIN YUVENAL HAKİMİ İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Almaniyanın yuvenal hakimi və yetkinlik yaşına çatmayanlarla iş sahəsində mütəxəssis Helmket Diyerk ilə görüşmüşdür.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil fəaliyyətə başladığı ilk günlərdən uşaq hüquqları üzrə xüsusi məsləhətçi təyin etdiyini, bu istiqamətdə dövlət orqanları, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, gənclər qrupları ilə səmərəli əməkdaşlıq qurduğunu bildirmişdir. O, YUNİSEF-in 2005-2009-cu illərdə ölkə üzrə yeni proqramına əsasən, Ombudsman Aparatında yaradılmış Uşaq Hüquqları üzrə Resurs Mərkəzinin fəaliyyəti barədə məlumat vermişdir.
H.Diyerk Ombudsman Aparatı nəzdində Uşaq Hüquqları üzrə Resurs Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək mərkəzin gələcəkdə uşaq hüquqlarının qorunmasında və maarifləndirmə sahəsində böyük rol oynayacağına ümid bəslədiyini bildirmişdir.
Qonaq, həmçinin ölkəmizdə yuvenal ədliyyə sisteminin qurulmasında artıq ilk addımların atıldığını, bu sistemin inkişafının bir çox amillərdən, əsasən, maliyyə imkanlarından asılı olduğunu qeyd etmişdir.
Ombudsman yuvenal ədliyyə sisteminin inkişafına dair öz təkliflərini irəli sürmüşdür.
H.Diyerk müvəkkilin təkliflərini yüksək qiymətləndirmiş, insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümid etdiyini söyləmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var