OMBUDSMAN AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ BAĞLI BƏYANAT VERMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) aparatında 31 mart – azərbaycanlıların soyqırımı günü ilə əlaqədar yığıncaq keçirilmişdir. Tədbirdə Şəki, Quba və Cəlilabaddan nümayəndələr də iştirak edirdilər.
Ombudsman Elmira Süleymanova tədbiri açaraq XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı və deportasyia siyasəti yeritdiklərini, tarixi Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən qəsb edildiyini, on minlərlə azərbaycanlının öldürüldüyünü, yüz minlərlə insanın doğma torpaqlarından didərgin salındığını, qiymətli maddi mədəniyyət abidələrinin məhv edildiyini söyləmişdir.
Müvəkkil 1918-ci ilin mart qırğınlarının da Azərbaycanın tarixinə qanla yazıldığını, daşnak və bolşevik qüvvələrinin üç gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoyduğunu, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirdiyini vurğulamışdır. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda və digər bölgələrdə də bu cür dəhşətli faciələr törədildiyi, erməni millətçilərinin Şamaxının 72 kəndində dinc əhalini qətlə yetirdiyi, hətta südəmər körpələrə belə rəhm edilmədiyi qeyd olunmuşdur.
Ombudsman erməni millətçilərinin azərbaycanlılara qarşı uzun illərdən bəri bədnam əməllərinin əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə konkret bir xalqın tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyi üçün, beynəlxalq hüquqa əsasən, həmin əməllərin məhz soyqırımı olduğunu bəyan etmişdir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədi ilə edilən hərəkətlərdir. Soyqırımı və insanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri erməni şövinistləri tərəfindən azərbaycanlılara qarşı tətbiq edilmişdir.
O, Ermənistanın yürütdüyü terrorçuluq siyasətinin uzun illər ərzində dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini, beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olduğunu, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməsinin vacibliyini, ərazi bütövlüyünün və suverenliyin pozulmasının yolverilməzliyini vurğulamışdır. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir. E.Süleymanova azərbaycanlıların soyqırımı haqqında məsələnin BMT Nizamnaməsinə müvafiq olaraq BMT Təhlükəsizlik Şurasında müzakirə olunmasının və törədilmiş soyqırımının təhqiq edilməsinin, buna hüquqi qiymət verilməsinin, cinayətkarların cəzalandırılması məqsədi ilə Yuqoslaviya və Ruandada baş verən soyqırımı əməllərini araşdırarkən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında yaradılmış Yuqoslaviya və Ruanda tribunalları kimi, beynəlxalq tribunal təsis edilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Tədbirin sonunda ombudsmanın bəyanatı oxunmuş, bu sənədin ingiliscə mətni BMT-nin Baş katibinə, bu beynəlxalq qurumun İnsan Hüquqları üzrə Ali Komissarlığına və Qaçqınlar üzrə Ali Komissarlığına, Avropa Şurasına, ATƏT-ə, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə göndərilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var