SİYASƏT
OMBUDSMAN AZƏRBAYCANLI HƏRBİ ƏSİRİN QAYTARILMASI İLƏ BAĞLI MÜRACİƏT ETMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova azərbaycanlı hərbi əsir Samir Məmmədovun hüquqlarının müdafiəsi və qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin rəhbəri Martin Amaşerə məktubla təkrarən müraciət etmişdir.
Müraciətdə S.Məmmədovun keçən il dekabrın 24-də erməni hərbi qüvvələri tərəfindən əsir götürüldüyü və uzun müddət keçməsinə baxmayaraq, bugünədək əsirlikdə saxlandığı qeyd olunmuşdur. S.Məmmədovun valideynlərinin ombudsmana müraciətlə övladlarının erməni əsirliyindən azad edilərək Vətənə qaytarılmasında kömək göstərilməsini xahiş etdikləri diqqətə çatdırılmışdır.
Müvəkkil bunları nəzərə alaraq, M.Amaşerdən öz mandatı çərçivəsində S.Məmmədovun mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında və əsirlikdə olduğu müddətdə onun işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamasının təmin edilməsində yardımçı olmasını xahiş etmişdir.
Belə bir müraciət BQXK-nın Cenevrədəki mərkəzi iqamətgahına, qurumun prezidenti Y.Kellenbergerə də ünvanlanmışdır.