İQTİSADİYYAT
“ONDULİNE GROUP” ETİBARLI TƏRƏFDAŞDIR IX BEYNƏLXALQ İNŞAAT SƏRGİSİNİN İŞTİRAKÇILARI BU ŞİRKƏTİN MƏHSULLARINA XÜSUSİ MARAQ GÖSTƏRİRLƏR
1945-ci ildən tikinti materialları istehsalı və satışı ilə məşğul olan şirkət öz fəaliyyətini dünyanın bir çox ölkələrində genişləndirməkdədir. Onun çoxsaylı müəssisələrində dam üçün bitum təbəqələr, keramik plitələr, asfalt-çınqıl örtüyü, modifikasiyalaşdırılmış bitumdan su izolyasiyası üçün membranlar, polikarbonat, rulon şəklində poliester təbəqələr, polietilen mühafizə-izolyasiya örtükləri, müxtəlif materiallar və aksessuarlar istehsal olunur.
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Onduline” sistemində əsas material “Onduline HR” tipli dam örtüyüdür. O, xüsusi texnologiya əsasında hazırlanır. İstehlakçıları cəlb edən texniki xüsusiyyətləri ondan ibarətdir ki, istənilən hava şəraitində su buraxmır, asan istifadə olunur, seysmik cəhətdən davamlıdır, şüalanma nəticəsində səthində heç bir dəyişiklik baş vermir, bir kvadratmetri 350 kiloqram yükə davam gətirir, 35 dərəcə şaxtadan 105 dərəcəyə qədər istidə çatlamır, ovulmur, ən güclü küləyə belə duruş gətirir, səs keçirmir, tərkibində insan orqanızmi üçün zərərli olan asbest yoxdur və sair.
Şirkətin ən cavan strukturu, 1994-cü ildə yaradılmış “Onduline Avrasiya”nın Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanda nümayəndəlikləri vardır.