SİYASƏT
ONLAR AXCP-Nİ AİLƏLİKLƏ NİYƏ TƏRK ETDİLƏR?
Ağdaş rayonunda yaşayan Eldəniz Cəbrayılov və onun ailə üzvləri bunun səbəbini müxbirimizə belə izah etdilər: “Hər cümləsini “xalq” sözü ilə başlayan, ”xalq mənafeyi”ndən dəm vuran AXCP liderlərinin “yağlı” vədlərinə vaxtilə çoxları kimi, biz də uyduq. Lakin sonra başa düşdük ki, səhv etmişik, yanılmışıq. Anladıq ki, partiya başçılarının sözləri əməlləri ilə düz gəlmir, daban-dabana ziddir. Onların hakimiyyətdə olduqları bir il hamının xatirindədir. Elə indi də onlar özlərini xalqın gözündə rüsvay edən köhnə adətlərindən əl çəkməyiblər. Xalq haqqında, onun güzəranını yaxşılaşdırmaq, ölkəmizin bu günü və sabahı, millətin gələcəyi barədə düşünən insanları şərləməyi, böhtan və iftira deməyi özlərinə peşə ediblər. Onlar bu üsulla xalqı yenə çaşbaş salmaq, təzədən hakimiyyətə gəlmək xülyasına düşüblər. Amma unudurlar ki, xalq onları yaxşı tanıyır. Konkret olaraq AXCP-dən imtina etməyimizə gəldikdə isə, bəli, biz onların çirkin əməllərinə öz etirazımızı bu yolla bildirmişik. Necə deyərlər, zərərin yarısından qayıtmaq da xeyirdir. Kimin xalq naminə real iş gördüyünü, kimlərinsə boş, yalan vədlər verdiyini müdrik Azərbaycan xalqı aydın başa düşür. Biz də seçimimizi etmişik. Bundan sonra əsl vətənpərvər qüvvələr tərəfində olacaq, onları dəstəkləyəcəyik”.
Cardam kənd sakini, Müsavat Partiyasının üzvü Bayram Salehov, Milli İstiqlal Partiyasının üzvü, ali təhsilli mütəxəssis Tofiq Həmidov da mənsub olduqları partiya rəhbərlərinin əməllərinə etiraz əlaməti olaraq eyni addımı atmışlar.