SİYASƏT
ONLAR BUNU PREZİDENT HEYDƏR ƏLİYEVİN BU QƏBİLDƏN İNSANLARA QAYĞISININ TƏZAHÜRÜ KİMİ QİYMƏTLƏNDİRMİŞLƏR
Yanvarın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Vətənimizin bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş daha 120 həmvətənimizə “OKA” markalı minik avtomobillərinin verilməsi mərasimi keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimi açan nazir Əli Nağıyev demişdir ki, torpaqlarımızın müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş insanların reabilitasiyası məsələsi bu gün dövlətimiz tərəfindən müxtəlif istiqamətlərdə öz həllini tapır. Belə istiqamətlərdən biri də bu qəbildən olan insanların minik avtomobilləri ilə təmin olunmasıdır. 1997-ci ildən etibarən onlar üçün ümumilikdə 1100 ədəd minik avtomobili alınıb gətirilmiş və sahiblərinə paylanmışdır. Bu, əlillərin cəmiyyətə inteqrasiyasına, həm də onların maddi durumunun yaxşılaşmasına kömək edir. Nazir bildirmişdir ki, bu gün həyata keçirilən tədbirlər müstəqil Azərbaycan dövləti və onun müdrik lideri Heydər Əlirza oğlunun torpaqlarımız uğrunda döyüşlərdə öz sağlamlıqlarını itirmiş insanlara diqqətinin ifadəsidir.
Əlil insanlara avtomaşınların verilməsi də məhz ölkəmizin başçısının şəxsi qayğısının nəticəsi olduğunu söyləyən nazir Yeni il ərəfəsində onlar üçün 140 ədəd “OKA” gətirildiyini, 120 avtomobilin Qarabağ uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlara, 20 ədədini isə Böyük Vətən Müharibəsi zamanı əlil olmuş ağsaqqallarımıza paylanacağını söylədi.
Çıxışının sonunda Əli Nağıyev yeni avtomobil alan əlilləri bu münasibətlə təbrik edərək onlara xoş arzularını bildirdi.
Mərasimdə çıxış edən əlillər dəhşətli müharibənin ağrı-acısını yaşamış, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edərək sağlamlıqlarını itirmiş, hərəkət fəaliyyəti məhdud olan soydaşlarımız üçün belə minik avtomobillərinin son dərəcə önəmli olduğunu bildirdilər. Bu avtomaşınların təkcə reabilitasiya vasitəsi deyil, əlillərin cəmiyyətə qovuşması, özlərini bu cəmiyyətin digər vətəndaşları ilə bərabərhüquqlu üzv hesab etmələri üçün son dərəcə əhəmiyyətli olduğunu vurğuladılar. Onlar müstəqilliyimizin möhkəmlənməsi və əbədiliyinin təmin olunması kimi şərəfli işində dövlətimizin başçısına arxa, ölkəmizin daha böyük zəfərlərə qovuşmasında bundan sonra da fəal iştirakçı olacaqlarını bildirdilər.
Mərasimin sonunda avtomobil alan Qarabağ müharibəsi əlilləri adından Azərbaycan Prezidenti Heydər Əliyevə ünvanlanmış müraciət oxundu. Müraciətdə deyilir:
Möhtərəm cənab Prezident!
Azadlıq mübarizəsi yollarında böyük qurbanlar vermiş və acı məhrumiyyətlərə düçar olmuş, nəhəng imperiyanın çöküntüləri altında öz varlığını qorumağa məhkum olmuş xalq Zati-Alinizin müdrik, uzaqgörən siyasəti ilə öz milli istiqlalını gerçəkləşdirə bildi.
Siz öz çiyinlərinizə böyük və tarixi məsuliyyət götürərək, Azərbaycanın xoşbəxt gələcəyi uğrunda fəaliyyətə başladınız. Çağdaş dövlətçilik tariximizə şərəfli bir dövr kimi düşəcək bu illərdə Sizin cahanşümül siyasətiniz sayəsində dövlət və demokratik institutların fəaliyyətinə yenilik gətirildi. Müstəqil dövlət quruculuğunda aparılan siyasət milli və tarixi ənənələrin qorunub saxlanılmasına və inkişafına, sivilizasiyanın bəhrələrindən istifadəyə, sivil vətəndaş cəmiyyəti quruculuğuna yönəldi, Avropa təsisatlarına inteqrasiyanı şərtləndirdi. Ölkəmiz dünyada müasir, bəşəri, demokratik dəyərlərə sadiq bir dövlət kimi tanındı. Ümummilli liderimiz kimi, zaman-zaman qəlblərə hakim kəsilən Heydər Əliyev zəkasının qüdrətinə güvənərək, tarixin sınağından üzüağ çıxmaq, bu müddətdə dövlətimizin yüksək inkişafa nail olduğunun şahidinə çevrilmək bizim hamımızı sevindirir.
Sözsüz ki, ölkədaxili ziddiyyətlərin nizamlanması, iqtisadiyyatın tənəzzüldən xilas olması, bütün sahələrdə aparılan köklü islahatlar ölkə vətəndaşlarının, aztəminatlı insanların, xüsusilə əlillərin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaratdı.
Bu gün ölkədə aparılan quruculuq işləri sosial sahədə də öz bəhrələrini verməkdədir. Dövlətimizin artan iqtisadi qüdrəti ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin cəmiyyətə inteqrasiyası üçün böyük perspektivlər vəd edir. Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihələrin nəticəsi olaraq, aztəminatlı insanların həyat səviyyəsinin yüksəlməsi bu təminatı daha da gücləndirir. Fiziki sağlamlığını itirmiş insanlar üçün son illər çoxmərtəbəli və fərdi evlərin tikilib istifadəyə verilməsi, protezləşmə işinin dünya standartlarına uyğun həyata keçirilməsi, onların tibbi və digər reabilitasiya vasitələri – minik avtomobilləri ilə təmin edilməsi bu qayğının parlaq təzahürləridir.
Dəhşətli müharibənin ağrı-acılarını yaşamış, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edərək sağlamlığını itirmiş əlillər Sizin bu qayğınızı layiqincə qiymətləndirir, eyni zamanda gələcək qalibiyyətlərimiz üçün bizə ruh yüksəkliyi verir. Minik avtomobillərinin bizim həyatımızda son dərəcə önəmli bir vasitə olduğu hər kəsə aydındır. Çünki hərəkət fəaliyyəti məhdud olan bizlərin uzun müddət evimizin divarları arasında sığınıb qalmaq, cəmiyyətdən təcrid olmaq və bunun nəticəsində keçirdiyimiz mənəvi-psixoloji sarsıntı səhhətimizə ağır zərbələr vurmaqla yanaşı, bizlərdə həyata ümidsizlik əhval-ruhiyyəsi yaradırdı.
İndi minik avtomobili alan hər bir sabiq döyüşçü böyük sevinc hissi keçirir. Sanki bizim hər birimizə yeni həyat bəxş olunur. Bu avtomobillər təkcə reabilitasiya vasitəsi deyil, bizlərin cəmiyyətə qovuşması, özümüzü bu cəmiyyətin digər vətəndaşları ilə bərabərhüquqlu üzv hesab etməyimiz üçün son dərəcə əhəmiyyətlidir. Bu maşınlar eyni zamanda bizim yaralarımıza qoyulan məlhəmdir. Çünki ayaqlarını və digər orqanlarını itirmiş əlil bunu daha çox hiss edir.
Zati-Aliləri!
Əmin ola bilərsiniz ki, bundan sonra da dövlətçiliyimizin qorunması üçün Sizin çağırışınıza səs verəcək, müstəqilliyimizin möhkəmlənməsi və əbədiliyinin təmin olunması kimi şərəfli işinizdə Sizə arxa, ölkəmizin daha böyük zəfərlərə qovuşmasında iştirakçı olacağıq.
Hələ uzun illər Sizi dövlətimizin başında görmək arzumuzu bildirir, eyni zamanda Sizin kimi görkəmli dövlət xadimi ilə bir vaxtda yaşamaqdan qürur və məmnunluq hissi keçiririk.
Zati-Alinizə dərin hörmət və ehtiramla,
2003-cü il yanvarın 15-də
minik avtomobili alan Qarabağ müharibəsi əlilləri adından:
Azər Salmanov, Famil Əliyev,
Fəzail Sultanov, Şakir Sadıqov – cəmi 111 imza.