İQTİSADİYYAT
OPEC: İraqla Qazaxıstan əlavə neft həcmlərini kompensasiya etmək üçün öhdəlikləri tam yerinə yetirir
Bakı, 4 fevral, AZƏRTAC
İraq və Qazaxıstan həddindən artıq istehsal olunmuş neft həcmlərini kompensasiya etmək üçün öhdəliklərini tam şəkildə yerinə yetirir.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, hər iki ölkə “OPEC+”un Nazirlər Toplantılarında qəbul olunan qərarlara tam dəstəyini nümayiş etdirir. Ötən aylar ərzində İraq və Qazaxıstan təkcə istehsal tənzimləməsinə tam uyğunluğu həyata keçirmək üçün deyil, həm də həddən çox istehsal edilmiş həcmləri kompensasiya etməklə bağlı addımlar atıb.
“Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən bütün ölkələr balanslı bazar və ehtiyac duyulan davamlı sabitlik üçün səy göstərəcək və öhdəliklərə sadiqliyi qarşıdakı aylarda da davam etdirəcək.
Qeyd edək ki, 2020-ci il 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edirdi. Ötən il dekabrın 3-də “OPEC+” nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının “OPEC+” ölkələri tərəfindən 7,2 milyon barrel azaldılması nəzərdə tutulub.
Bu il yanvarın 5 -də “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel təşkil edəcək.