İQTİSADİYYAT
OPEC Konfransının prezidenti: Neft bazarında tarazlığın təmin edilməsi prosesi müvəffəqiyyətli şəkildə irəliləyir
Bakı, 22 iyun, Nihad Budaqov, AZƏRTAC
Neft bazarında yenidən tarazlığın təmin edilməsi prosesi müvəffəqiyyətli şəkildə irəliləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 22-də Avstriyanın paytaxtı Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 174-cü iclasından öncə jurnalistlərə müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazrouei deyib.
O bildirib ki, iclasda OPEC-ə üzv ölkələrin nazirləri və mütəxəssislərlə müzakirələr aparılacaq, hər kəs üçün məqbul bir addım atılması əsas məqsəd olacaq: “Hansı ölkənin nə qədər neft istehsal etdiyi və ya hasilatını nə qədər artıracağından savayı neft bazarının sabitliyini qorumaq lazımdır. Ötən iki ildə gördüyümüz işləri heçə saya bilmərik. Ayrı-seçkilik etmədən hər ölkənin güclü şəkildə çalışaraq mövcud sazişi bir sonrakı səviyyəyə daşımaq üçün ehtiyatla hərəkət edəcəyinə inanıram”.
18 ay əvvəl alınan qərarın neft bazarında təmin etdiyini sabitliyin qlobal bazara da təsir göstərdiyini deyən nazir neft bazarında yenidən tarazlığın təmin edilməsi prosesinin müvəffəqiyyətli şəkildə irəlilədiyini bildirib: “Bu yığıncaqdan sonra OPEC ilə dünya iqtisadi bazarı arasındakı güvən möhkəmlənəcək. Bugünkü iclasda neft bazarına dair bütün mövzular müzakirə olunacaq”.