İQTİSADİYYAT
OPEC Konfransının prezidenti: Neft hasilatının artımı ehtiyat tələb edir
Bakı, 15 dekabr, AZƏRTAC
Neft hasilatının artırılması ehtiyat tələb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əlcəzairin energetika naziri, OPEC Konfransının prezidenti Abdelmadjid Attar deyib.
“Neft qiymətlərindəki müsbət inkişaflara və ciddi irəliləyişə baxmayaraq, düşünürəm ki, çox ehtiyatlı olmalıyıq. Ən yaxşı ssenaridə gündəlik 2 milyon barrellik artıma aprel ayınadək çata bilərik. Lakin bu, hədəf deyil. Vacib olan qlobal neft ehtiyatı profisitin azalmaqda davam etməsi və bazarda sabitliyin davamlılığının təmin olunmasıdır”, – deyə o qeyd edib.
OPEC Konfransının prezidenti neft istehsalçılarının gələn ilin əvvəlində tədarükü artırmağa tələsməmələrini təkrarlayıb və koronavirusun davamlı təsiri səbəbindən enerji tələbatının hələ də kövrək olduğunu vurğulayıb.
A.Attar OPEC və kartellə birgə hərəkət edən istehsalçıların xam neft istehsalını aprel ayına qədər gündəlik 2 milyon barrel artıracağına dair heç bir zəmanətin olmadığını əlavə edib.