İQTİSADİYYAT
OPEC Konfransının prezidenti kartel üzvlərinin neft hasilatının azaldılmasına dair razılığa gələcəyinə inanır
Bakı, 12 mart, AZƏRTAC
OPEC üzvlərinin neft hasilatının azaldılması ilə bağlı razılığa gələcəyinə inanıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkab deyib.
O, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və Rusiya başqa olmaqla “OPEC+” ölkələrinin neft istehsalının azaldılması və mövcud ehtiyatların aşağı salınması bağlı razılığa gələcəyinə ümidvar olduğunu söyləyib.
M.Arkab “OPEC+” texniki komitəsinin mütəxəssislərini koronavirus səbəbiylə neft bazarındakı mövcud vəziyyəti təhlil etməyə çağırıb. O, “OPEC+” ölkələri arasında neft bazarına müsbət siqnal göndərəcək dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb: “Bazar ertəsindən bəri OPEC üzvləri ilə neft bazarını sabitləşdirmək və tarazlığa nail olmaq üçün yollar axtarmaq üçün intensiv müzakirələr aparırıq”.
Qeyd edək ki, martın 5-də OPEC Nazirlər Şurasının 178-ci iclasında kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, “OPEC+” üzrə isə gündəlik 0,5 milyon barrel azaldılması qərarlaşdırılıb. Lakin “OPEC+” nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC-in bu təklifi qəbul edilməyib. Bunun nəticəsində dünya birjalarında neftin qiymətində son 30 ildə ən kəskin ucuzlaşma qeydə alınıb. Belə ki, neftin qiyməti gün ərzində 31 faiz ucuzlaşmaqla 1991-ci ildəki Körfəz müharibəsindən bəri ən aşağı səviyyəyə enib, “Brent” markalı xam neftin qiyməti 31,02 dollar/barrelə düşüb. “OPEC+” üzrə mövcud razılaşmanın müddəti isə martın 31-də başa çatacaq.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.