İQTİSADİYYAT


OPEC Nazirlər Şurası kartel üzrə neft hasilatının artırılması barədə qərar qəbul edib

Vyana, 22 iyun, AZƏRTAC

İyunun 22-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 174-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın açılışında Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazrouei çıxış edib.

Yığıncaqda Konqonun OPEC-ə üzv qəbul olunmasına dair ərizəsinə baxılıb və bu dövlət kartelə 15-ci üzv kimi qəbul edilib.

İclasda, həmçinin OPEC-in baş katibinin hesabatı dinlənilib, eləcə də Birgə Monitorinq Komitəsinin hesabat və tövsiyələri təqdim olunub.

Toplantıda keçən ilin noyabr ayındakı iclasdan ötən müddətdə dünya neft bazarındakı inkişaf analiz edilib və cari ilin sonunadək bazardakı vəziyyətə dair proqnozlar nəzərdən keçirilib. Nazirlər Şurası müəyyən edib ki, ötən yarım il ərzində dünya neft bazarlarında vəziyyət daha da yaxşılaşıb və dünya iqtisadiyyatında neftə tələbat nisbətən çoxalıb.

Qeyd edilib ki, kartelin 2016-cı il noyabrın 30-da keçirilən 171-ci iclasında OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılması barədə razılıq əldə olunub və bu ilin may ayında hasilatın azaldılmasına dair razılaşmaya 152 faiz əməl olunub.

Sadalananları nəzərə alaraq, OPEC Nazirlər Şurası hasilat kvotasının 100 faizlik icrasına, yəni neft hasilatının gündəlik 1 milyon barrel artırılmasına dair qərar qəbul edib.

Həmçinin OPEC iyunun 23-də keçiriləcək OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına məsləhətləşmələr aparacaq və yeni hasilat strategiyasi rəsmi şəkildə qəbul ediləcək.

Nazirlər Şurası adından ötən dövr ərzində neft hasilatının azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulan bütün OPEC və qeyri-OPEC dövlətlərinə könüllü hasilat uyğunlaşdırmalarına görə təşəkkür edilib.

Bundan başqa, OPEC Nazirlər Şurasının növbəti iclasının bu il dekabrın 3-də Vyanada keçirilməsinə dair qərar qəbul olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.