İQTİSADİYYAT


“OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası dekabrın 17-də keçiriləcək

Bakı, 18 noyabr, AZƏRTAC

OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) Müştərək Texniki Komissiyasının (JTC) və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclaslarının vaxtı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar JMMC-nin noyabrın 17-də keçirilən 24-cü iclasında qəbul edilib. Belə ki, JTC-nin növbəti iclası dekabrın 16-da, JMMC-nin toplantısı isə gələn ayın 17-də keçiriləcək.

Qeyd edək ki, Müştərək Texniki Komissiya JMMC-yə neft bazarındakı inkişaflarla bağlı tövsiyələr verir.

Xatırladaq ki, Azərbaycan oktyabrda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib. Oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 88,2 min barrelini isə kondensat təşkil edib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.

12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.