İQTİSADİYYAT
OPEC: Neft bazarı hazırkı istehsal səviyyələri ilə 2020-ci ildə daha balanslaşdırılmış olacaq
Bakı, 28 noyabr, AZƏRTAC
OPEC hazırkı hasilat səviyyələrinin qorunacağı təqdirdə 2020-ci ildə neft bazarının sabitləşəcəyini gözləyir.
AZƏRTAC xəbər verir ki, OPEC-in bu proqnozu kartelin gələn həftəki toplantıda mövcud istehsal məhdudiyyətlərini qoruyacağına dair bir işarə kimi qəbul edilir.
OPEC-in İqtisadi Komissiyasında təqdim olunan məlumatlar, 2020-ci ilin ilk yarısında tədarük bolluğunun son 6 aydakı təklif çatışmazlığı ilə kompensasiya edildiyini göstərir.
Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.
Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.