DÜNYA


OPEC Vaşinqtonun təzyiqi ilə qarşılaşa bilər

Bakı, 20 iyun, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 1973-cü ildə baş vermiş ilk neft böhranından sonra Vaşinqton rəsmiləri üçün “kabus”a çevrilib. ABŞ Prezidenti Donald Trampın xam neftin qiymətlərinin baha olması haqqında kartelə müraciətindən sonra Konqres də bu məsələyə müdaxilə etmək üçün hərəkətə keçib.

AZƏRTAC “worldoil.com” saytına istinadla xəbər verir ki, ABŞ qanunvericiləri bir əsr əvvəl Con Rokfellerin neft imperiyasının dağıdılması üçün istifadə olunan NOPEC (Neft hasilatı və ixracı ilə məşğul olan kartellər əleyhinə Akt) qanun layihəsini yenidən müzakirəyə çıxarmaq istəyirlər. Mayın sonunda bu qanun layihəsi Konqresin Hüquq Komitəsinə təqdim edilib. Qanunun qəbul ediləcəyi təqdirdə ABŞ hökuməti OPEC-i enerji bazarlarında möhtəkirliyə görə təzminat tələbi ilə məhkəməyə verə biləcək.

Bu həftənin sonunda Vyanada iclası keçiriləcək OPEC üçün ABŞ Konqresinin qəbul edəcəyi bu qanun ağır nəticələr doğura bilər. Ekspertlərə görə, NOPEC aktının qəbul edilməsi ehtimalı az olsa da, kartel bu məsələyə ciddi yanaşmalıdır. ABŞ siyasətçiləri 2000-ci ildən sonra dəfələrlə bu qanun layihəsini parlamentdən keçirməyə cəhd ediblər, lakin sabiq prezidentlər Corc Buş və Barak Obama onların qarşısını veto xəbərdarlığı ilə almağa nail olublar. OPEC üçün əsas risk də indiki dövlət başçısı Trampın öz sələfləri kimi hərəkət etməyəcəyi ehtimalıdır.

Nyu-Yorkdakı Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin direktoru Ceyson Bordoff bildirib ki, əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp bu qanunu təsdiq edə bilər. Onun sözlərinə görə, OPEC-lə məhkəmə çəkişməsi heç də asan olmayacaq.

Bu bəyanatlar OPEC rəsmilərini narahat edib. İranın karteldəki təmsilçisi Hüseyn Kazımi Ərdəbili ABŞ konqresmenlərinin bəyanatlarını qanunazidd və şantaj xarakterli adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.