İQTİSADİYYAT
OPEC-ə üzv ölkələrin hamısı neft hasilatının azaldılmasına dair sazişə əməl edir
Bakı, 4 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin hamısı kartelə daxil olan və qeyri-OPEC ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinə əməl edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Enerji Həftəsində OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.
“Kartelə üzv ölkələrin hamısı neft hasilatının səviyyəsinin azaldılmasına dair saziş üzrə öhdəliyə əməl edir. Qeyri-OPEC ölkəsi olan Rusiya sazişə ən sadiq ölkələrdən biridir. Son iki ayda Rusiya OPEC+ sazişinə 100 faiz əməl edib. Rusiya ilə əməkdaşlığı davam etdirmək istəyirik”, - deyə o bildirib.
M.Barkindo sazişin müddətinin uzadılması ilə bağlı qərarın gələn ilin mart ayında qəbul olunacağını xatırladaraq deyib: “Neft bazarının gələcəyi daha parlaq görünür”.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.