İQTİSADİYYAT
OPEC-in Baş katibi: Qlobal iqtisadiyyat müsbət canlanma siqnalları göstərməkdə davam edir
Bakı, 26 aprel, AZƏRTAC
OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Müştərək Texniki Komissiyasının (JTC) 51-ci iclası videokonfrans formatında keçirilib.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, iclasda qlobal neft bazarındakı inkişaflar qiymətləndirilib. OPEC-in Baş katibi Məhəmməd Barkindo qlobal iqtisadiyyatın müsbət canlanma siqnalları göstərməkdə davam etdiyini bildirib. O, bununla yanaşı, əhəmiyyətli qeyri-müəyyənliklər davam etdiyi üçün sayıq davranmağın vacibliyinə diqqət çəkib. Baş katib dünyada sağlam və əhatəli peyvənd paylanmasının əhəmiyyətini vurğulayıb.
M.Barkindo mövcud bazar şərtləri və bərpa prosesindən danışarkən səbir və zamanın əhəmiyyətini qeyd edib.
Xatırladaq ki, Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 29-cu iclası aprelin 28-də keçiriləcək. “OPEC+” nazirlərinin 16-cı toplantısı da videokonfrans formatında həmin gün təşkil olunacaq.
Aprelin əvvəlində “OPEC+” nazirlərinin 15-ci videogörüşündə gündəlik xam neft hasilatının növbəti 3 ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.