İQTİSADİYYAT
OPEC-in Vyana konfransı neft bazarında tələb-təklif tarazlığının bərpa edilməsi baxımından əhəmiyyətli olacaq
Bakı, 10 noyabr, Nihad Budaqov, AZƏRTAC
Nəticəsi necə olursa olsun Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Vyana konfransı neft bazarında tələb-təklif tarazlığının bərpa edilməsi baxımından əhəmiyyətli olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.
“Əgər hər hansı razılığa gəlinməsə və OPEC üzvləri öz hasilatlarını artırmağa davam etsələr 2017-ci il ərzində bazarda maksimum təklif çoxluğu yaranacaq və neftin qiymətində ciddi bir artımın gözlənilməsi çox zəifləyəcək. Hətta gələn il neft təklifi artarsa neftin qiyməti ucuzlaşmağa davam edə bilər. Bu da o deməkdir ki, 2017-ci il də neft təklifinin artmaqda davam edəcəyi bir il olacaq”.
Qeyd edək ki, OPEC-ə üzv ölkələr noyabr ayının sonunda toplaşaraq neft istehsalının gündəlik 32,5 və ya 33 milyon barrel səviyyəsinə endirilməsi təklifini müzakirə edəcək. Lakin kartelin üzvləri arasında hasilat səviyyəsinə dair fərqli fikirlərin formalaşması OPEC-in istehsalı əhəmiyyətli formada məhdudlaşdırması ehtimalına şübhə yaradır.