SİYASƏT
OPEC münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır
Bakı, 29 oktyabr, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda hazırda ölkəmizdə mülki şəxslərin ölümü və böyük dağıntılarla müşayiət olunan hərbi əməliyyatların davam etməsindən dərin narahatlıq keçirdiklərini bildirib. Qeyd edib ki, bu münaqişə, həmçinin dünya bazarlarında enerji təchizatının təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət kəsb edən Azərbaycanın əsas neft və qaz infrastrukturunu təhlükə altına qoyub. Baş katib bütün tərəflərin, eyni zamanda, beynəlxalq ictimaiyyətin təşəbbüsləri və birgə səyləri nəticəsində hərbi əməliyyatlara dərhal son qoyulacağına, münaqişənin daha da genişlənməsinin qarşısı alınacağına ümidvar olduğunu deyib. Vurğulayıb ki, OPEC münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə və ədalətli həllinin tərəfdarıdır.
Məktubda, həmçinin vurğulanır ki, Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin son 4 ildə birgə təşviq etdiyi tarixi sazişlərin sadiq tərəfdarı olduğunu sübut edib.
“Əməkdaşlığımızın ilk günlərindən etibarən Azərbaycanın 2016-cı il dekabrın 10-da imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulmasından sonra ölkənizin fəal iştirakını və öz öhdəliklərinə davamlı sadiqliyini, eləcə də onun neft bazarının daha çox ehtiyac duyduğu sabitliyin bərpa olunmasına göstərdiyi fəal dəstəyi yüksək qiymətləndiririk”, - deyə OPEC-in Baş katibi qeyd edib.