İQTİSADİYYAT
OPEC neft hasilatı üzrə məhdudiyyətin dərinləşdirilməsini və mövcud sazişin müddətinin uzadılmasını təklif edir
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Vyanada keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 8-ci görüşündə OPEC neft hasilatına dair məhdudiyyətin dərinləşdirilməsini və mövcud sazişin müddətinin uzadılmasını təklif edəcək.
AZƏRTAC xəbər verir ki, dünən OPEC Nazirlər Şurasının 178-ci iclasında təşkilata üzv 14 ölkənin enerji və neft nazirləri kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, qeyri-OPEC üzrə isə gündəlik 0,5 milyon barrel azaldılmasına razılıq veriblər. Həmçinin bu istehsal məhdudiyyətinin iyunun 30-a kimi qüvvədə olması qərarlaşdırılıb.
Lakin nazirlərin daha sonra keçirdiyi qeyri-rəsmi görüşdə “OPEC+” üzrə hasilat məhdudiyyəti sutkalıq 1,5 milyon barrel dərinləşdirilməklə sazişin müddətinin ilin sonuna qədər uzadılması razılaşdırılıb.
Qeyri-OPEC ölkələrindən Rusiya və Qazaxıstan isə hasilatın azaldılması təklifini qəbul etməyib. Rusiyanın Energetika naziri Aleksandr Novak məsləhətləşmələr üçün dünən Moskvaya gedib və bu gün yenidən Vyanaya qayıdıb.
Yekun qərar isə “OPEC+” nazirlərinin bugünkü görüşündə müzakirə olunacaq və istehsal məhdudiyyətləri dəqiqləşdiriləcək.
Qeyd edək ki, hazırda “OPEC+” üzrə istehsal məhdudiyyəti gündəlik 2,1 milyon barreldir. Əgər hasilat sutkada daha 1,5 milyon barrel azaldılarsa, bu, 2008-ci il maliyyə böhranından bəri ən böyük azalma olacaq.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.