İQTİSADİYYAT
“OPEC+” neft hasilatı üzrə məhdudiyyətləri azaltmağa hazırlaşır
Bakı, 15 iyul, AZƏRTAC
OPEC-ə üzv və kartelə üzv olmayan ölkələr (“OPEC+”) neft hasilatı üzrə məhdudiyyətləri azaltmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 15-də “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 20-ci iclasında Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman deyib.
O, “OPEC+” üzrə 1 may-31 iyul tarixlərini əhatə edən dövrdə gündəlik xam neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı qərarın davam etdiyini bildirib. Nazir qeyd edib ki, neft hasilatı üzrə məhdudiyyətlər azaldılacaq.
Rusiyanın Energetika naziri Aleksandr Novak isə hasilat məhdudiyyətlərinin həcmini sutkalıq 7,7 milyon barrelə endirmək üçün hazırlıq görüldüyünü söyləyib.
Hazırda iclas KİV-ə qapalı formada davam edir.
Xatırladaq ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul olunub.