İQTİSADİYYAT
OPEC neft hasilatının azaldılmasına dair sazişə yanvarda 137 faiz əməl edib
Bakı, 13 fevral, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) yanvar ayında neft hasilatının azaldılması üzrə sazişə 137 faiz əməl edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, OPEC-in neft hasilatının azaldılmasına dair sazişə əməletmə səviyyəsi ötən ilin dekabrındakı 129 faizlə müqayisədə keçən ay 137 faizə yüksəlib.
Yanvarda OPEC-in xam neft istehsalı dekabrla müqayisədə dəyişməyərək gündəlik 32 milyon 160 min barrel olub.
Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.