İQTİSADİYYAT
OPEC neft istehsalını artıra bilər
Bakı, 23 may, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) iyunda neft hasilatını artıra bilər.
AZƏRTAC xəbər verir ki, OPEC-in bu addımı atmasına səbəb kimi İran və Venesuelanın neft tədarükü ilə bağlı narahatlıqların artması göstərilir. Bununla əlaqədar qərarın iyunun 22-də Avstriyanın paytaxtı Vyanada təşkil ediləcək OPEC Nazirlər Şurasının 174-cü iclasında qəbul olunması gözlənilir.
Analitiklər ABŞ-ın İran və Venesuelaya yenidən sanksiyalar tətbiq etməsi fonunda qlobal neft tədarükündə azalmaların olacağını düşünürlər. Lakin buna baxmayaraq, neft ixracına görə OPEC-in üçüncü ən böyük ölkəsi olan İran bu ilin aprelində neft ixracını rekord səviyyəyə çatdırıb. İran martda gündəlik 3,81 milyon barrel neft çıxarıb, apreldə isə sutkalıq 2,61 milyon neft ixrac edib. Ölkənin neft ixracı 2016-cı ildə İrana qarşı sanksiyaların ləğv edilməsindən indiyədək təxminən 2 dəfəyədək artıb.
Venesuelanın neft hasilatı isə gündəlik 3,9 milyon barreldən hazırda 1,4 milyon barrelə düşüb. Dövlətə məxsus PDVSA (“Petroleos de Venesuela”) şirkətinin neft istehsalı son 16 ildə yarı-yarıya azalıb. 2001-ci ildə gündəlik 3,3 milyon barrel neft istehsal edən “PDVSA”nın bu ilin aprel ayındakı istehsalı 1,43 milyon barrel olub. Keçən il şirkətin istehsalı 29 faiz azalıb.
OPEC-ə yaxın mənbələrin sözlərinə görə, təşkilat bütün variantları nəzərdən keçirir və iyun ayında istehsalın artırılması barədə qərar qəbul edilə bilər. Lakin neft hasilatının azaldılması üzrə kvotanın nə qədər artırılacağı ilə bağlı hələ ki dəqiq rəqəm yoxdur.
Bundan başqa, OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılmasına dair sazişə rekord göstəricidə olan əməletmə səviyyəsini yumşaltmağı seçə biləcəyi də qeyd edilir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, OPEC aprel ayında neft hasilatının azaldılması üzrə Vyana sazişinə 172 faiz əməl edib.
Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail bin Mohammed al-Mazroui və Rusiyanın energetika naziri Aleksandr Novak isə mayın 24-26-da Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxmasının qlobal neft tədarükünə təsirlərinə dair müzakirələr aparacaq.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.