İQTİSADİYYAT
“OPEC+” neft istehsalının artırılmasına dair planı təxirə sala bilər

Bakı, 12 noyabr, AZƏRTAC
OPEC-ə üzv və qeyri-OPEC ölkələr (“OPEC+”) xam neft hasilatının artırılması üzrə planı təxirə sala bilər.
AZƏRTAC xəbər verir ki, OPEC və müttəfiqlərinin gələn il üçün planlaşdırılan tədarük artımının 3 və ya 6 aylıq müddətə təxirə salacağı hazırda enerji bazardında əsas müzakirə mövzusuna çevrilib.
Əlcəzairin energetika naziri Abdelmadjid Attar isə ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətləri üzrə planın 2021-ci ilin müəyyən dövrlərinə qədər uzadıla biləcəyini söyləyib.
Qeyd edək ki, oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 88,2 min barrelini isə kondensat təşkil edib. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.
12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.