İQTİSADİYYAT
OPEC+ ölkələri bu gün Abu-Dabidə neft hasilatının azaldılması sazişinin icrasını müzakirə edəcəklər
Bakı, 7 avqust, Nihad Budaqov, AZƏRTAC
Avqustun 7-8-də Abu-Dabidə OPEC+ ölkələrinin nümayəndələrinin növbədənkənar iclasında neft hasilatının azaldılması üzrə saziş çərçivəsində razılaşmaların icra vəziyyəti müzakirə ediləcək.
AZƏRTAC xəbər verir ki, Küveytin və Rusiyanın həmsədrliyi ilə keçiriləcək müzakirələrdə 2017-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) sədrlik edən Səudiyyə Ərəbistanından olan nümayəndələr iştirak edəcəklər.
Xatırladaq ki, OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin iyul ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 796,7 min barrel olub. Bunun 745,1 min barrelini xam neft, 51,6 min barrelini kondensat təşkil edib. Gündəlik 611,3 min barrel xam neft, 51,6 min barrel kondensat, 15,7 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Azərbaycan üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.