İQTİSADİYYAT


OPEC+ ölkələri neft istehsalının hansı həcmdə azaldılması barədə hələlik yekun qərar qəbul edə bilmir

Vyana, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Vyanada OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşü başlayıb. Toplantı yerli vaxtla saat 10:00-a təyin olunsa da, görüşdən əvvəl müxtəlif ölkələrin heyətləri arasında qızğın müzakirələr görüşün vaxtını təxirə salıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu görüşdə iştirak etmək üçün Vyanada səfərdədir.

Toplantının əsas müzakirə mövzusu neft hasilatının azaldılması barədə OPEC və OPEC+ ölkələri arasında qərar qəbul edilməsi olacaq. Oktyabr ayından etibarən dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması və bazarda təklifin tələbatı üstələməsi istehsalçı ölkələri hasilatın həcminə yenidən baxmağa vadar edib.

OPEC-in son hesabatına əsasən, təşkilatda təmsil olunan 15 ölkə bu ilin oktyabr ayında gündəlik təqribən 33 milyon barrel “qara qızıl” (dünyada xam neft istehsalının üçdəbiri) hasil edib.

Beynəlxalq Enerji Agentliyinə (IEA) görə isə dünya bazarında OPEC ölkələrinin istehsal etdiyi xam neftə tələbat hazırda 31,3 milyon barrelə bərabərdir.

Görüşdən öncə Rusiyanın energetika naziri Aleksandr Novakın səudiyyəli həmkarı Xalid Əbdüləziz Al Falih və İranın neft naziri Bijən Namidar Zəncənə ilə ayrı-ayrılıqda görüşlər keçirdiyi bildirilir. OPEC+ formatında ortaq qərarın əldə olunması üçün hazırda Rusiya və İranın mövqeyi ümumi fikirlə üst-üstə düşmür. Rusiya neft hasilatını gündəlik 150 min barrel (təklif edilən isə 250-300 min barrel) azalda biləcəyini bildirir, İran isə ABŞ-ın sanksiyaları çərçivəsində istehsalın azaldılmasında bu ölkəyə güzəşt olunmasını tələb edir.

Diplomatik dairələrdən mətbuata sızdırılan məlumatlarda qeyd edilir ki, neft hasilatının hansı həcmdə azaldılması məsələsində ziddiyyətli fikirlər nəzərə alınaraq birgə bəyannamənin imzalanması başqa bir günə keçirilə bilər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.