İQTİSADİYYAT


“OPEC+” ölkələri qlobal neft tədarükünün 1,6 milyard barrel azalmasına töhfə verib

Bakı, 18 noyabr, AZƏRTAC

May-oktyabr ayları ərzində OPEC və OPEC-ə üzv olmayan ölkələr (“OPEC+”) qlobal neft tədarükünün təxminən 1,6 milyard barrel azalmasına töhfə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 24-cü iclasında deyilib.

Məlumata görə, bu, könüllü düzəlişlər də daxil olmaqla bazarın yenidən tarazlaşması üçün mühüm rol oynayıb. Üstəlik, ölkələr əvvəllər həddindən artıq istehsal edilmiş həcmlərin əvəzini çıxmaq üçün ümumilikdə gündəlik 768 min barrel ixtisar həyata keçirib. Bu göstərici may ayından bəri istehsalın məhdudlaşdırılması öhdəliklərinin 99,5 faiz səviyyəsinə çatmasına səbəb olub.

JMMC gözləniləndən daha yaxşı nəticə göstərən Birləşmiş Ərəb Əmirlikləri və Anqolaya təşəkkürünü bildirib, tam əməletmə səviyyəsinə riayət olunmasının və həddindən artıq istehsal olunmuş həcmləri kompensasiya etməyin bazarın tarazlaşdırılması məqsədinə çatmaqda, eləcə də prosesdə həddən artıq gecikmənin qarşısının alınmasındakı əhəmiyyətini bir daha vurğulayıb.

Komitə Asiyadakı artan neft tələbatı və COVID-19 virusuna qarşı mümkün peyvəndlərlə bağlı xəbərləri şərh edib. Bildirib ki, bu inkişaflar, böyük iqtisadiyyatlardakı COVID-19-a yoluxma hallarının yenidən artmasının kölgəsində qalıb.

“JMMC bütün qitələrdə COVID-19-la bağlı daha ciddi tədbirlərin görülməsinin, o cümlədən lokdaunların qlobal neft tələbatının artmasına təsir etdiyini, bu proseslər fonunda risklərin və qeyri-müəyyənliklərin yüksək olduğunu vurğulayıb. Bütün iştirakçı ölkələr ayıq, təşəbbüskar olmalı və lazımi anda bazarın tələblərinə uyğun davranmağa hazır olmalıdır”, - deyə iclasda qeyd edilib.

Birgə Monitorinq Komitəsi tövsiyələri dekabrın 1-də videokonfransla keçirilməsi planlaşdırılan OPEC və qeyri-OPEC nazirlərinin 12-ci toplantısında təqdim edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.