İQTİSADİYYAT


OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası Əbu-Dabidə keçiriləcək

Bakı, 24 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin (OPEC+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – XI iclası noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, sentyabrın 23-də Əlcəzairdə keçirilən JMMC-nin X iclasında OPEC+ üzrə öhdəliklərin iyulda 109 faiz, avqustda isə 129 faiz yerinə yetirildiyi bildirilib. İclas çərçivəsində OPEC-in 2018-ci il üzrə “World Oil Outlook” hesabatı təqdim olunub. Həmçinin ilk dəfə “World Oil Outlook” hesabatı üçün “Smart APP” təqdim edilib. Bu applikasiya nəşrin təhlili və enerji məlumatlarını daha rahat əldə etmək imkanı yaradır.

Yığıncaqda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Qeyd edək ki, JMMC-nin IX iclası bu il iyunun 21–də Avstriyanın paytaxtı Vyanada keçirilib. Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılan Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.