İQTİSADİYYAT
OPEC və qeyri-OPEC ölkələri bu gün neft istehsalının azaldılmasına dair qərar qəbul edəcək
Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC
Bu gün Avstriyanın paytaxtı Vyanada OPEC və qeyri-OPEC nazirlərinin V görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil edəcəyi görüşdə OPEC və OPEC+ ölkələrinin neft hasilatını yenidən azaltması ilə bağlı qərar qəbul olunacaq.
Belə ki, dekabrın 5-də OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclasında neft istehsalının azaldılması tövsiyə olunub. Dünən isə OPEC Nazirlər Şurasının 175-ci iclasında kartel üzrə hasilatın gündəlik 1 milyon barrel azaldılması barədə ilkin razılıq əldə olunub. Lakin “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən OPEC+ ölkələrinin, xüsusilə də Rusiyanın sutkalıq neft istehsalını hansı həcmdə azaldacağı müəyyənləşdirilməyib. Ehtimal olunur ki, OPEC+ üzrə neft hasilatı gündəlik 300-500 min barrel azaldılacaq. Lakin, bu, əsasən Rusiyanın istehsalını nə qədər azaltmağa razılıq verəcəyindən asılıdır.
Cari ilin sonunda başa çatacaq Vyana razılaşmasının müddətinin isə 2019-cu ilin birinci yarısına qədər uzadılması da iclasda müzakirə ediləcək əsas məsələlərdən biri olacaq.
Bütün bu addımlar isə bazarın balanslaşdırılması, o cümlədən tələb-təklif tarazlığının bərpa olunması və “qara qızıl”ın qiymətinin sabitləşməsi məqsədi daşıyır.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.