SİYASƏT
ORTA ASİYA VƏ QAZAXISTANDAKI AZƏRBAYCAN DİASPORLARI 20 YANVAR FACİƏSİ İLƏ ƏLAQƏDAR MƏRASİMLƏR KEÇİRMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin on beşinci ildönümü ilə əlaqədar Almatıda “Turan” konqresinin keçirdiyi mərasimə buradakı Azərbaycan diasporunun üzvləri, qazax xalqının nümayəndələri toplaşmışdılar.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
Cənubi Qazaxıstan, Qaraqanda, Pavlodar, Cambul, Matıstay, Ust-Kamenoqorsk və başqa vilayətlərin Azərbaycan mədəniyyət mərkəzləri də faciə ilə bağlı mərasimlər keçirmişlər.
Bişkekdə “Azəri” cəmiyyətinin təşkil etdiyi mərasimdə Qırğızıstandakı diasporumuzun, respublikada yaşayan xalqların nümayəndələri iştirak etmişlər. Mədəniyyət mərkəzi sədrinin müavini Rafael Quliyev faciənin səbəbləri haqqında iştirakçılara geniş məlumat vermişdir. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş film göstərilmiş, şəhidlərin xatirəsinə ehsan verilmişdir.
Daşkənddə Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzində, Səmərqənd, Buxara, Nəvai, Fərqanə vilayətindəki Azərbaycan mədəniyyət mərkəzlərində və Düşənbədəki Azərbaycan cəmiyyətində 20 Yanvar hadisələri ilə əlaqədar mərasimlər keçirilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd