İQTİSADİYYAT
ORTA HESABLA, HƏR BANKA NİZAMNAMƏ KAPİTALININ 18 MİLYARD MANATI DÜŞÜR
Əhalidən əmanətlərin cəlb edilməsinə 41, əməliyyatların xarici valyuta ilə aparılmasına 42, qiymətli metallarla aparılmasına 1, plastik kartlarla aparılmasına 27 kredit təşkilatının icazəsi vardır.
İyunun 1-nə Azərbaycanda 43 bank fəaliyyət göstərir. 15 bank xarici kapitalın iştirakı ilə işləyir. Bu bankların 4-də xarici kapitalın payı 50 faizdən 100 faizədəkdir, 10-da 50 faizdən azdır, 1 bank isə qeyri-rezident bankın filialı kimi fəaliyyət göstərir.
2004-cü il iyunun 1-nə bankların nizamnamə kapitalı 773,4 milyard manat təşkil etmişdir ki, bu da 2003-cü il iyunun 1-i ilə müqayisədə 16,6 faiz çoxdur.
Ümumi nizamnamə kapitalının 122,3 milyard manatı dövlət banklarının, 651,1 milyard manatı isə özəl bankların payına düşür. Xarici kapitalın iştirakı ilə yaradılmış bankların nizamnamə kapitalı 267,3 milyard manat olmuşdur ki, bu da ümumi nizamnamə fondunun 34,6 faizini təşkil edir.
Orta hesabla, hər banka nizamnamə kapitalının 18 milyard manatı düşür.