ELM VƏ TƏHSİL
ORTA İXTİSAS TƏHSİLİ MƏKTƏBLƏRİNİN BOŞ QALAN YERLƏRİNƏ II MƏRHƏLƏ ÜZRƏ SƏNƏD QƏBULU BAŞLANIR
TQDK-dən AZƏRTAC-a bildirmişlər ki, abituriyentlər sənədlərini sentyabrın 4-dən 9-dək orta ixtisas təhsili məktəblərində yaradılmış sənəd qəbulu komissiyalarına (SQK) təqdim edə bilərlər.
SQK-ya orta təhsil haqda sənədin əsli, şəxsiyyət vəsiqəsi (16 yaşı 2006-cı il avqustun 1-dək tamam olmayanlar doğum haqqında şəhadətnamənin əslini), hamısı eyni olmaq şərtilə yeni çəkilmiş 3x4 sm ölçüdə 4 fotoşəkil təqdim edilməlidir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar müvafiq siyahıda ulduz (*) işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisasları seçənlər ixtisasların aid olduğu texnikumların hər birində sentyabrın 4-dən 7-dək qabiliyyət imtahanında iştirak etməli, sentyabrın 9-dək qabiliyyət imtahanı verdiyi təhsil müəssisələrindən birində ərizə forması doldurmalıdırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasların da kodlarını seçmək olar. Qabiliyyət imtahanının nəticələri “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Qabiliyyət imtahanından “qeyri-məqbul” alan abituriyentlər ərizələrində yalnız xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərməlidirlər.
Orta ixtisas məktəblərinin siyahısı, elanı, “Abituriyentin ərizəsi” formasının doldurulma qaydası, ixtisas kodları “Abituriyent” jurnalının 9-cu nömrəsində dərc olunmuşdur. Sənəd qəbulu ilə bağlı məlumatlarla TQDK-nın internet saytında da (www.tqdk.gov.az) tanış olmaq mümkündür.