MƏDƏNİYYƏT
ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Mədəniyyət Nazirliyində 2002-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Polad Bülbüloğlu iclası açaraq Azərbaycan Prezidenti Heydər Əliyevin ölkənin mədəni həyatının inkişafına göstərdiyi qayğıdan danışmış, ötən il həyata keçirilmiş mühüm əhəmiyyətli tədbirlər, əldə olunan uğurlar barədə ətraflı məlumat vermişdir.
Mədəniyyət Nazirliyinin 2002-ci ildə fəaliyyəti barədə hesabat məruzəsində deyilir ki, ötən il dövlət əhəmiyyətli 40 tədbir keçirilmiş, ölkəmizin teatrlarında yeni quruluşda təqribən 110 tamaşa hazırlanmış, Azərbaycan incəsənət ustalarının dünyanın müxtəlif ölkələrinə səfərləri təşkil edilmiş, istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda müxtəlif tətbiqi sənət sərgiləri keçirilmişdir.
Respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimlərinin yubiley və xatirə gecələrinin, Azərbaycanda Rusiya və Ukrayna mədəniyyəti, Avstriyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi 2002-ci ilin yaddaqalan hadisələri kimi qeyd olunmuşdur.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Sankt-Peterburqda abidəsinin açılması, dünya şöhrətli musiqiçi, həmyerlimiz Mstislav Rastropoviçin yubiley tədbirlərinin keçirilməsi, uzun müddət ətalət dövrü yaşayan “Azərbaycanfilm” kinostudiyasında işlərin canlandırılması, il ərzində beş yeni filmin çəkilməsi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əsaslı təmir-bərpa işlərinin bu il aprelin sonunadək başa çatdırılması üçün görülən tədbirlər, müxtəlif yaş qrupları arasında muğam ifaçılığı müsabiqələrinin keçirilməsi və sair hesabatda xüsusi vurğulanmışdır.
Kollegiyada “2002-ci ildə mədəniyyət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə” məruzə də dinlənilmişdir. Məruzə ətrafındakı çıxışlarda ölkəmizdə mədəniyyətin tərəqqisi istiqamətində qarşıda duran vəzifələr barədə geniş söz açılmışdır.
İclasda teatr-konsert müəssisələrinin rəhbərlərinə maliyyə-təsərrüfat fəaliyyətində əsaslı dönüş yaradılması üçün ciddi tapşırıqlar verilmişdir.
Kollegiyada müzakirə olunan məsələlər barədə səslənən təkliflər də nəzərə alınmaqla müvafiq qərar qəbul edilmişdir.