İQTİSADİYYAT
ÖTƏN İL 1600-DƏN ÇOX KİÇİK MÜƏSSİSƏ VƏ OBYEKT ÖZƏLLƏŞDİRİLMİŞDİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin ikinci mərhələsi əsasən, orta və iri müəssisələrin özəlləşdirilməsini əhatə etsə də kiçik müəssisə və obyektlərin özəlləşdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 2005-ci ildə 1600-dən çox kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilmiş, nəticədə büdcəyə 54,3 milyard manat (10,9 milyon AZN) vəsait daxil olmuşdur.
Komitənin razılığı ilə həmin müəssisələrin yerləşdiyi və dövlət mülkiyyətində olan torpaq sahələri də özəlləşdirilir, icarəyə və ya istifadəyə verilir. Ötən il 90-a yaxın torpaq sahəsinin özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə15,8 milyard manat (3,2 milyon AZN) köçürülmüşdür.
Ümumiyyətlə, özəlləşdirmə prosesi başlanandan 1100-dən çox torpaq sahəsi özəlləşdirilmiş, bundan dövlət büdcəsinə 61,7 milyard manat (12,3 milyon AZN) vəsait daxil olmuşdur.